Əli Kərimli Gəncə olayları barədə: ‘Müəmmalar həddən artıq çoxdur’
![Əli Kərimli Gəncə olayları barədə: ‘Müəmmalar həddən artıq çoxdur’](https://gdb.rferl.org/34391026-D353-4DC9-BC03-4881108E4CCD_cx14_cy0_cw48_w800_h450.jpg)
“Nəinki müxalifət, heç Gəncədə etiraza gələn sadə insanlar da istəməzdi ki, polis polkovnikləri öldürülsün. Bu, Azərbaycan cəmiyyətinin istədiyi yol deyil. Bu, təxribatdır. Mən təxribatları pisləyirəm” - Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli iyulun 10-da Gəncədə baş verənlər haqda AzadlıqRadiosuna danışarkən belə söyləyir.
Amma müxalifət lideri “məlumat qıtlığı” ucbatından və müstəqil media orda olmadığından hadisələri şərh etməkdə çətinlik çəkdiyini bildirir.
“Hansısa təxribatlar baş verir, açığı. Məlumat azdır. Bilmirəm bu təxribatı törədən kimlərdir. Amma müəmmalar həddən artıq çoxdur. Açıq-aşkar Gəncədə təxribat baş verir. Ölkədəki siyasi mübarizəni dinc müstəvidən çıxarmağa cəhdlər var”.
Müəmma nədədir? AXCP sədri deyir:
“Əvvəldən bilinirdi ki, bu günə orda mitinq təyin olunub. Baxmayaraq ki, müxalifət iştirak etməyəcəyini bildirmişdi. Amma xeyli sosial şəbəkə fəalı bu mitinqə dəstək verəcəyini ifadə etmişdi. Polis də hazırlığını görmüşdü. Ona görə çox müəmmalıdır ki, cəmi 100-200 nəfərin qatıldığı etiraz aksiyasında iki polis polkovniki kəsici-deşici alətlə necə öldürülüb?”
Əli Kərimli baş verənlərə görə təəssüfləndiyini bildirir və ölən hər iki polisi “hansısa çirkli oyunların qurbanı” sayır.
AzadlıqRadiosu hələlik hakimiyyətdən baş verənlərə şərh ala bilməyib.