Suriya müxalifəti Soçi konfransına narazılıq bildirdi, Lavrov küyləndi
Suriyada yeddi ildir davam edən vətəndaş münaqişəsinin çözülməsi yollarının müzakirəsi üçün Rusiyanın Soçi şəhərində toplanmış konfransda Rusiyanın xarici işlər naziri Sergey Lavrov küyə basılıb, Suriya müxalifətinin bu konfransa gəlmiş nümayəndələri isə hava limanını tərk etməkdən imtina edib.
Rusiya Qara dəniz sahilindəki Soçi şəhərində Suriya Milli Dialoq Konfransını keçirməklə Suriya üçün yeni konstitusiyaya dair danışıqlara başlanacağına ümid edirdi.
Lakin Suriya prezidentinin qatı müttəfiqi olan Rusiyanın istəyinin əksinə olaraq Suriya müxalifətinin liderləri bu tədbiri boykot ediblər. ABŞ, Fransa və Britaniya nümayəndələri də konfransa qatılmaqdan boyun qaçırıblar.
Qərb Suriya münaqişəsinə dair BMT danışıqlarını dəstəkləyir. Bu danışıqlar indiyədək uğursuz olub. Danışqıların son dövrəsi ötən həftə Vyanada keçirilib.
Fransanın xarici işlər naziri Jean-Yves Le Drian yanvarın 30-da ölkə millət vəkillərinə deyib ki, Paris Suriya sülh prosesinin Rusiyanın yox, BMT-nin egidası altında aparılmasına tərəfdardır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 30-da konfrans iştirakçılarına prezident Vladimir Putinin məktubunu oxuyub. Bu məktubda deyilirdi ki, Suriya “tarixinin faciəli səhifəsinin” çevrilməsi üçün şərait yetişib.
Lakin iştirakçılardan bəziləri Lavrovu küyə basıblar. Onlar Rusiyanı hava zərbələri ilə dinc suriyalıları öldürməkdə ittiham edirdilər.
Adlarının çəkilməsini istəməyən iştirakçılardan bəziləri Reuters agentliyinə deyiblər ki, daha sonra nümayəndələrin arasında qızğın mübahisə yarandığına görə konfransın təşkilatçıları plenar iclası ləğv ediblər. Mübahisə konfransa kimin sədrlik edəcəyi üstündə yaranmışdı.
Bundan başqa Suriya silahlı müxalifətinin Türkiyədən uçub gəlmiş nümayəndələri Soçi hava limanını tərk etməkdən imtina ediblər. Onlar buradakı Suriya bayraqlarının və gerblərinin götürülməsini tələb edirdilər.
Bu konfransa Türkiyə və İran hökumətinin nümayəndələri, habelə BMT-nin Suriya münaqişəsi üzrə xüsusi elçisi Staffan de Mistura qatılıblar.