Sinir qazıyla zəhərlənmiş britaniyalının durumu daha kritik deyil
![Sinir qazıyla zəhərlənmiş britaniyalının durumu daha kritik deyil](https://gdb.rferl.org/DB07CBA6-0A4D-4F6F-B0E3-AF185D1DD0F4_w800_h450.jpg)
Noviçok sinir qazıyla zəhərlənmiş britaniyalı daha kritik durumda deyil. Bunu həmin şəxsi müalicə edən xəstəxana bildirib.
Solsberi Xəstəxanası Charlie Rowley barədə açıqlamanı iyulun 11-də yayıb. İki gün öncə isə onun partnyoru Dawn Sturgess Noviçokdan dünyasını dəyişib.
Onlar iyunun 30-da huşsuz tapılıblar, Noviçokla zəhərləndikləri müəyyən olunub. Bu qaz Sovet İttifaqında hazırlanıb, rusiyalı keçmiş casus Sergei Skripal və qızı Yulia martda ondan zəhərlənib.
Xəstəxana təmsilçisi Lorna Wilkinson deyib ki, Rowley-nin durumu ciddidir, amma sabitdir.
Britaniya polisi iyulun 11-də Rowley ilə ünsiyyət yaratdığını bildirib, detektivlər onların Noviçokla necə zəhərləndiklərini müəyyənləşdirmək istəyirlər.
Skripallar artıq xəstəxanadan buraxılıblar. Amma iyulun 9-da Britaniyanın müdafiə naziri Gavin Williamson Rusiyanı Britaniya torpağında hücumda törətməkdə suçlayıb.
Kreml iddiaları rədd edib, “absurd” adlandırıb.