ABŞ 33 Rusiya şirkətini və vətəndaşını ‘qara siyahıya’ salır
ABŞ Dövlət Departamenti bildirir ki, Moskvanın “ziyanlı fəaliyyətinə” görə cəzalandırılması məqsədilə Rusiyanın 30-dan çox şirkət və vətəndaşlarını “qara siyahıya” daxil edib. Sözü gedən şirkətlərin hərbiyyə və kəşfiyyat agentlikləri ilə bağlı olduqları deyilir.
Sentyabın 20-də elan edilmiş siyahıda Rusiya hərbi kəşfiyyatının 12 zabiti də var. Bunlara qarşı 2016-cı ilin ABŞ seçkisinə müdaxilə ilə bağlı xüsusi prokuror Robert Mueller tərəfindən bu ilin əvvəllərində rəsmi cinayət ittihamları irəli sürülmüşdü.
Qara siyahıya daxil edilənlərin bir çoxuna qarşı əvvəllər də müxtəlif sanksiyalar qoyulmuşdu. Buna görə də son cəzalandırma tədbirinin sözü gedən subyektləri əhəmiyyətli şəkildə təsirləndirməyəcəyi düşünülür.
Ümumilikdə 33 Rusiya şirkəti və fərdindən ibarət siyahıya “Putinin aşpazı” ləqəbi ilə tanınan oliqarx Yevgeny Prigozhin də daxil edilib.
Onun iaşə şirkətləri və PMC Wagner kimi tanınan muzdlu firması və bu firmanın Suriya, Ukrayna və Afrikada yerləşdirilmiş döyüşçüləri də qara siyahıya daxil edilib.
Prigozhin və onun şirkətlərinə qarşı seçkiyə iddia edilən müdaxiləyə görə Mueller tərəfindən ötən fevral ayında ittihamlar irəli sürülüb.
Moskvaya qarşı bu cəzalandırıcı tədbir 2017-ci ildə prezident Donald Trump-ın etirazlarına baxmayaraq Konqres tərəfindən əksər səs çoxğluğu ilə qəbul edilmiş qanunvericilik aktı əsasında həyata keçirilir.
Hazırda Konqresdə təqdimat mərhələsində olan daha sərt qanunda isə Rusiyanın bondlar buraxmaq qabiliyyəti, Gazprom və Rosneft kimi nəhəngləri hədəflənir. Bu qanun layihəsinin noyabr ayında keçiriləcək Konqres seçkilərindən əvvəl təqdim olunub-olunmayacağı bilinmir.
Dövlət Departamenti habelə bir Çin hərbi agentliyini və onun direktorunu Rusiyadan döyüş təyyarələri və antitəyyarə sistemləri aldıqlarına görə qara siyahıya daxil edib.
Rəsmilər bildirirlər ki, Equipment Development Department kimi tanınan bu agentlik və onun başçısıLi Shangfu Rusiyanın Rosoboroneksport silah ticarəti şirkəti ilə əhəmiyyətli məbləğdə alış-veriş edib.